Anbar sistemini “proqram açıb dərhal satış yazmaq” kimi qurmaq olmur. Əvvəl qaydalar sabitlənməlidir: mal necə kodlanır, qəbul kim təsdiqləyir, çıxış hansı sənədsiz olmur. Qayda yoxdursa, sistem də Excel kimi qarışır — yalnız daha sürətli qarışır.
1. Əvvəl anbarın sərhədini yazın
Bir fiziki ünvan birdən çox məntiqi anbar ola bilər: əsas anbar, vitrin, brək. Hər biri ayrı qalıq tutmalıdır. Əks halda vitrindəki mal “anbarda yoxdur” deyə satış dayandırılır, ya da əksinə, olmayan mal satılır.
2. Məhsul kartını standartlaşdırın
- Ad və qısa ad (qaimədə görünəcək).
- Daxili kod və ya ştrix, əgər varsa.
- Ölçü vahidi: ədəd, kq, qutu.
- ƏDV-yə cəlb olunub-olunmaması.
- Minimum qalıq həddi — ehtiyat xəbərdarlığı üçün.
Eyni maldan “qırmızı / 42” kimi variantlar varsa, bunları ayrı kart və ya xüsusiyyət kimi seçin. Hamısını bir sətirdə “ayaqqabı” yazmaq qalığı yararsız edir.
3. İlkin qalığı sayın
Sistemə keçid günü anbar sayılmalıdır. Kağızdakı rəqəm ilə rəfdəki rəqəm fərqlidirsə, fərqi gizlətmək yox, aktla yazmaq lazımdır. Əks halda bütün gələcək hesabatlar səhv başlanğıcdan gedəcək.
- Sayım tarixini bağlayın — həmin gün satış və qəbulu ayrıca qeyd edin.
- Hər SKU üzrə miqdarı yazın.
- Sistemdə “ilkin qalıq” sənədi yaradın.
- Bir həftə ərzində təsadüfi 10 malı yenidən yoxlayın.
4. Kim nə yazır — hüququ bölün
Anbarçı qəbul və çıxışı yazır. Satış meneceri sifarişi açır, amma qalığı əl ilə azaltmır. Mühasib sənədi görür, silinməni təkbaşına “düzəltmir”. Bu bölgü yoxdursa, axşam qalıq heç kimə uyğun gəlmir.
5. Sınaq həftəsi
Bir həftə ərzində köhnə üsulu tam atmayın. 10 real ssenarini sistemdə keçirin: qəbul, qismən qəbul, satış, qaytarma, daxili köçürmə. Hər ssenaridə sənəd nömrəsi çıxmalıdır. Çıxmırsa, qayda hələ oturmayıb.
6. FEE ilə quruluş
FEE.az-də şirkət və anbar eyni firmanın sərhədində qalır. CodexPi MMC layihəsi olaraq məqsəd kart, qalıq və sənədi mühasibatla eyni axına qoymaqdır. Quruluşu özünüz də edə bilərsiniz; ilişəndə isə eyni qaydaları birlikdə sabitləyərik.



